Xəstəlik
Qalxanabənzər vəzi düyünləri
Qalxanabənzər vəzidə düyün çox geniş yayılmış tapıntıdır və əksəriyyəti xoşxassəlidir. Düyünlərin böyük hissəsi heç bir əlamət vermir və başqa səbəbdən aparılan müayinə zamanı təsadüfən aşkarlanır. Əsas məsələ hansı düyünün əlavə araşdırma tələb etdiyini düzgün müəyyən etməkdir.
Əlamətlər
Düyünlərin çoxu əlamətsizdir. Əlamət yarandıqda bunlar ola bilər:
- Boyunda əl ilə hiss olunan və ya gözlə görünən şişkinlik
- Boğazda sıxılma, təzyiq və ya “nəsə var” hissi
- Udmada çətinlik
- Nəfəs almada çətinlik, xüsusilə uzananda
- Səsin davamlı qarışması
- Hormonal pozğunluq əlamətləri — ürəkdöyünmə, tərləmə, çəki dəyişikliyi, yorğunluq, əsəbilik
Müayinə mərhələləri
-
Boyun müayinəsi
Vəzin ölçüsü, düyünün sərtliyi, hərəkətliliyi və boyun limfa düyünlərinin vəziyyəti qiymətləndirilir.
-
Hormon analizləri
TSH və digər qalxanabənzər vəzi hormonları vəzin funksiyasını göstərir. Funksiya pozğunluğu varsa, əlavə qiymətləndirmə tələb olunur.
-
Ultrasəs
Düyünün ölçüsü, quruluşu (bərk və ya kistik), sərhədləri, kalsifikasiyaları və qan təchizatı qiymətləndirilir. Bu, risk dərəcəsini müəyyən edən əsas müayinədir.
-
Lazım olduqda biopsiya
Nazik iynə ilə hüceyrə nümunəsi götürülür. Nəticə beynəlxalq təsnifata uyğun şərh olunur.
Risk təsnifatı və biopsiya
Ultrasəs tapıntıları beynəlxalq təsnifat sistemləri — məsələn TI-RADS — vasitəsilə qiymətləndirilir. Bu sistem düyünün xüsusiyyətlərinə bal verir və biopsiyanın lazım olub-olmadığını müəyyən etməyə kömək edir. Biopsiya nəticələri isə Bethesda sisteminə görə təsnif edilir.
Bu iki sistemin bir-biri ilə uyğunluğu həkimin dərc olunmuş elmi işlərindən birinin mövzusudur. Praktik nəticə budur: hər düyünə biopsiya lazım deyil, lakin biopsiya göstərişi olan düyünü izləmək də düzgün deyil.
Biopsiya nəticəsi “qeyri-müəyyən” çıxarsa
Bəzi hallarda hüceyrə müayinəsi dəqiq cavab vermir. Bu, pis xəbər demək deyil — belə hallarda təkrar biopsiya, izlənmə və ya diaqnostik məqsədlə cərrahi müdaxilə variantları müzakirə edilir. Qərar düyünün digər xüsusiyyətləri ilə birlikdə verilir.
Müalicə və izlənmə
Düyünlərin əksəriyyəti izlənmə ilə idarə olunur — müəyyən aralıqlarla ultrasəs təkrarlanır və dəyişiklik olub-olmadığı yoxlanılır. Müalicə lazım olduqda variantlar bunlardır:
- Müşahidə — aşağı riskli, əlamətsiz düyünlərdə
- Hormonal tənzimləmə — vəzin funksiyası pozulubsa, endokrinoloqla birgə
- Cərrahi müalicə — biopsiya nəticəsi, düyünün böyüməsi, mexaniki şikayətlər və ya hormonal pozğunluq olduqda
Əməliyyat həcmi — bir payın və ya vəzin tam çıxarılması — düyünün xüsusiyyətlərinə görə seçilir. Endokrin cərrahiyyə haqqında ətraflı.
Gecikmədən müraciət edin
- Sürətlə böyüyən boyun kütləsi
- Getdikcə artan nəfəs alma və ya udma çətinliyi
- Səsin qəfil və davamlı qarışması
- Düyünün sərtləşməsi və ətraf toxumaya yapışması
- Boyunda böyümüş, sərt limfa düyünləri
Ümumi təcili hallarda 103.
Ən çox verilən suallar
Düyün tapıldı — bu xərçəngdirmi?
Qalxanabənzər vəzi düyünlərinin böyük əksəriyyəti xoşxassəlidir. Bədxassəli olma ehtimalı düyünün ultrasəs xüsusiyyətlərindən asılıdır və məhz bu səbəbdən risk təsnifatı istifadə olunur. Nəticə aydınlaşana qədər ehtimallar üzərində düşünmək əvəzinə müayinəni tamamlamaq daha faydalıdır.
Hər düyünə biopsiya lazımdırmı?
Xeyr. Biopsiya göstərişi düyünün ölçüsü və ultrasəs xüsusiyyətləri ilə müəyyən edilir. Aşağı riskli düyünlərdə izlənmə kifayət edir.
Düyün öz-özünə kiçilə bilərmi?
Kistik düyünlərin bir qismi zamanla kiçilə bilər. Bərk düyünlər isə adətən sabit qalır və ya çox yavaş böyüyür. Buna görə izlənmə müəyyən aralıqlarla aparılır.
Yod qəbulu düyünləri müalicə edirmi?
Yod çatışmazlığı zob üçün risk amilidir, lakin əlavə yod qəbulu mövcud düyünlərin müalicəsi deyil və nəzarətsiz qəbulu hormonal problem yarada bilər. Qərar analiz nəticələrinə görə həkim tərəfindən verilməlidir.
Əməliyyatdan sonra çəkim artacaqmı?
Hormon əvəzedici müalicə düzgün dozada aparıldıqda maddələr mübadiləsi normal saxlanılır. Doza qan analizləri ilə tənzimlənir və müntəzəm nəzarət tələb olunur.
Yenilənib: