Xidmət

Kolorektal cərrahiyyə

Yoğun bağırsaq və düz bağırsaq xəstəliklərinin cərrahi müalicəsi. Bu sahə həkimin ən uzun elmi təcrübəsi olan istiqamətlərdəndir — kolorektal cərrahiyyə üzrə beynəlxalq jurnallarda dərc olunmuş bir sıra işin həmmüəllifidir və 2016-cı ildə ABŞ-da Stony Brook Universitetinin kolon və rektum cərrahiyyəsi bölməsində araşdırmaçı kimi çalışıb.

Kimlər müraciət edir

  • Kolonoskopiyada şiş, polip və ya şübhəli dəyişiklik aşkarlananlar
  • Nəcisdə qan görənlər və ya gizli qan testi müsbət çıxanlar
  • Bağırsaq vərdişində davamlı dəyişiklik olanlar — nəcisin nazikləşməsi, qəbizlik və ya ishalın növbələşməsi
  • Səbəbi izah olunmayan dəmir çatışmazlığı anemiyası olanlar
  • Qarın ağrısı, köp və qaz-nəcis ifrazının dayanması ilə müraciət edənlər
  • Xərçəng diaqnozu qoyulmuş və cərrahi plan üçün müraciət edənlər
  • Bağırsaq xərçəngi əməliyyatından sonra izlənmə tələb edənlər

Nəcisdə qan hemoroidə yazılmamalıdır

Anal qanaxmanın ən çox rast gəlinən səbəbi hemoroiddir, lakin eyni əlamət polip və ya şişin ilk əlaməti də ola bilər. Hemoroid diaqnozu qoyulmuş olsa belə, qanaxma davam edirsə və ya yaş 45-i keçibsə, bağırsağın müayinəsi ayrıca planlaşdırılmalıdır. Hemoroid haqqında ətraflı.

Müayinə və mərhələləndirmə

  1. Klinik qiymətləndirmə

    Şikayətlərin tarixçəsi, ailə anamnezi, qarın və anal-rektal müayinə. Mövcud analiz və görüntüləmə nəticələri nəzərdən keçirilir.

  2. Endoskopiya və biopsiya

    Kolonoskopiya bağırsağın daxilini birbaşa göstərir və eyni zamanda toxuma nümunəsi götürməyə imkan verir. Diaqnoz patoloji cavabla təsdiqlənir.

  3. Mərhələləndirmə

    Xərçəng təsdiqlənərsə, xəstəliyin yayılma dərəcəsini müəyyən etmək üçün kompüter tomoqrafiyası, düz bağırsaq şişlərində isə çanaq MRT-si istifadə olunur. Bəzi hallarda PET-KT tələb oluna bilər.

  4. Konsilium qərarı

    Müalicənin ardıcıllığı — əvvəlcə əməliyyat, yoxsa əvvəlcə kimyaterapi və ya şüa müalicəsi — cərrah, onkoloq, radioloq və patoloqun birgə müzakirəsi ilə müəyyən edilir. Xüsusilə düz bağırsaq şişlərində bu ardıcıllıq nəticəyə təsir edir.

Hansı əməliyyatlar icra olunur

  • Sağ və sol hemikolektomiya — yoğun bağırsağın müvafiq hissəsinin şişlə birlikdə çıxarılması
  • Siqmoid rezeksiya — siqmavari bağırsağın çıxarılması
  • Düz bağırsaq şişlərində total mezorektal eksiziya (TME) — laparoskopik və robotik üsullarla
  • Polipektomiya sonrası cərrahi müdaxilə — endoskopik yolla tam çıxarıla bilməyən poliplərdə
  • Bağırsaq keçməzliyində təcili müdaxilə
  • Stoma yaradılması və stomanın bağlanması

Şişin yerləşməsi, ölçüsü, mərhələsi və xəstənin ümumi vəziyyəti üsul seçimini müəyyən edir. Mümkün olan hallarda qapalı üsula üstünlük verilir, lakin təhlükəsizlik hər zaman birinci gəlir.

Stoma haqqında

Stoma — bağırsağın müvəqqəti və ya daimi olaraq qarın divarına çıxarılmasıdır. Xəstələrin ən çox narahat olduğu mövzulardan biridir, ona görə də əməliyyatdan əvvəl açıq danışılır.

Stomanın hər zaman daimi olduğu doğru deyil. Bir çox halda o, birləşmə yerinin sağalmasını qorumaq üçün müvəqqəti yaradılır və müəyyən müddətdən sonra ayrıca əməliyyatla bağlanır. Stomanın lazım olub-olmayacağı, müvəqqəti yoxsa daimi olacağı əməliyyatdan əvvəl mümkün qədər dəqiq izah edilir, lakin son qərar bəzən əməliyyat zamanı toxumaların vəziyyətinə görə dəyişə bilər.

Əməliyyatdan sonra

Kolorektal əməliyyatlardan sonra yatış müddəti əməliyyatın həcmindən və bərpanın gedişindən asılıdır. Erkən ayağa qalxmaq, tənəffüs məşqləri və həkimin göstərişi ilə qidalanmaya tədricən keçid bərpanın standart hissəsidir.

Çıxarılmış toxumanın patoloji müayinəsi xəstəliyin son mərhələsini müəyyən edir və əlavə müalicəyə ehtiyac olub-olmadığını göstərir. Onkoloji hallarda əməliyyatdan sonra müəyyən qrafik üzrə izlənmə aparılır.

Təcili müraciət tələb edən hallar

  • Qaz və nəcis ifrazının tamamilə dayanması, güclü köp və qusma
  • Kəskin, davamlı qarın ağrısı
  • Bol miqdarda anal qanaxma
  • Yüksək hərarətlə birlikdə qarın ağrısı

Bu əlamətlərdə gecikmədən təcili yardıma müraciət edin — 103.

Ən çox verilən suallar

Kolonoskopiya ağrılı prosedurdurmu?

Kolonoskopiya adətən sedasiya altında aparılır və bu zaman xəstə narahatlıq hiss etmir. Prosedurdan əvvəl bağırsağın təmizlənməsi tələb olunur — bir çox xəstə üçün ən çətin hissə məhz hazırlıq mərhələsidir, prosedurun özü deyil.

Bağırsaq xərçəngi əməliyyatından sonra mütləq stoma olacaqmı?

Xeyr. Stomaya ehtiyac şişin yerləşməsindən, xüsusilə düz bağırsaqda anal kanala nə qədər yaxın olmasından asılıdır. Bir çox halda stoma ümumiyyətlə lazım olmur, lazım olduqda isə çox vaxt müvəqqəti xarakter daşıyır və sonradan bağlanır.

Laparoskopik üsul bağırsaq xərçəngində təhlükəsizdirmi?

Uyğun seçilmiş hallarda laparoskopik üsul geniş istifadə olunur. Uyğunluq şişin ölçüsü, yerləşməsi, əvvəlki əməliyyatlar və qarındaxili yapışıqlardan asılıdır. Əməliyyat zamanı təhlükəsizlik tələb edərsə, açıq üsula keçilir.

Polip aşkarlandı — bu xərçəng deməkdirmi?

Xeyr. Poliplərin çoxu xoşxassəlidir. Lakin bəzi polip növləri illər ərzində bədxassəli dəyişikliyə uğraya bilər, buna görə aşkarlanan polip çıxarılır və patoloji müayinəyə göndərilir. Nəticə sonrakı izlənmə qrafikini müəyyən edir.

Nə vaxtdan skrininqə başlamaq lazımdır?

Skrininqin başlama vaxtı risk səviyyəsindən asılıdır. Ailəsində yoğun bağırsaq xərçəngi və ya polip olanlarda müayinəyə daha erkən başlamaq tövsiyə oluna bilər. Sizin üçün uyğun cədvəl müayinə zamanı fərdi müəyyən edilir.

Yenilənib: